Ağ, qara və boz IMEi-lər

İMEİ nədir?

İMEİ mobil avadanlıq üçün beynəlxalq identifikasiyanı göstərən 15 rəqəmdən ibarət unikal nömrədir. Abbreviaturasının açması ingilis dilində International Mobile Equipment Identification, bizim dildə isə Beynəlxalq Mobil Cihaz İdentifikasiyası deməkdir. İMEİ nömrə mobil cihazın daimi yaddaşına istehsalçı zavod tərəfindən həkk edilir.

Mobil telefonun klaviaturasında *#06# kombinasiyasını yığmaqla ekranda həmin nömrəni görmək olar. Telefonun batareyasının altında korpusa yapışdırılmış etiketdə, habelə telefonun qablaşdırıldığı qutunun üstündəki ştrix-kodun aşağısında da İMEİ nömrə qeyd olunur.

İMEİ nömrədəki rəqəmlər nədən xəbər verir?

İMEİ nömrədə rəqəmlər xüsusi ardıcıllıqla düzülür. İlk altı rəqəm mobil cihaz tipinin təsdiq kodunu TAC (Type Approval Code), sonrakı iki rəqəm istehsalçı ölkənin kodunu FAC (Final Assembly Code), daha sonrakı altı rəqəm isə telefonun seriya nömrəsini SNR (Serial Number) göstərir. Sonuncu rəqəm isə SP (Spare) “ehtiyat identifikator” və yaxud “nəzarət kodu” adlanır.  Ehtiyat identifakor  özündən əvvəl yerləşən rəqəmlər əsasında hesablanır və İMEİ kodun düzgünlüyünü bir daha təsdiqləyir.

Eyni şirkətin istehsal etdiyi mobil cihazlarda TAC və FAC nömrələri identik ola bilər, ancaq SNR seriya nömrələri mütləq fərqli olmalıdır.

FAC nömrəsi 00 olan telefonlar istehsalçının ən orijinal fabrikində yığıldığı üçün yüksək keyfiyyətə malik olurlar. FAC nömrəsi 01 və ya 10 olanlar Finlandiyada, 08 və ya 80 olanlar Almaniyada yığılır. Keyfiyyətləri yaxşı olur. 02 və ya 20 olan telefonlar isə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur. Onların keyfiyyəti elə də ürək açan olmur.

İMEİ kodundakı rəqəmlərin nə dediyini daha aydın başa düşmək üçün əyani misala baxaq. Məsələn, mənim indiki telefonumda İMEİ nömrə belədir: 355506010479530. TAC hissəyə aid olan altırəqəmli ədəd 355506 modelin Nokia N73 olduğunu, FAC bölümündəki 01 rəqəmi isə istehsalçı ölkənin Finlandiya olduğunu göstərir. Sonrakı altırəqəmli ədəd 047953 telefonun SNR seriya nömrəsidir. Axırıncı 0 rəqəmi  isə nəzarət kodudur.

SP-dən əvvəlki 14 rəqəmin kombinasiyası nəzarət kodunu vermirsə, onda həmin mobil cihaz saxta hesab olunur. SP kodunun hesablanma üsulu bir qədər məxfi olduğu üçün çoxları bu metoda bələd deyil. Lakin, oxucular eksklüziv olaraq bu qayda ilə indi tanış ola bilərlər.

SP necə hesablanır və yaxud saxta telefonları necə müəyyənləşdirək?


Telefon alarkən yaddaşında, korpusunda və qutusunda qeyd edilmiş İMEİ nömrələri tutuşdurmaq gərəkdir. Nömrələr eyni olmalıdır. Əks halda belə telefonu almaq məsləhət deyil. Ola bilər ki, telefonun korpusu  və ya proqram təminatı dəyişdirilib.

Başqa bir hal da var ki, saxta, mənşəyi bilinməyən telefonlara çox vaxt yalançı İMEİ nömrələr vurulur. Hər üç yerdə nömrə düz gəlir, 15 rəqəmi var, ancaq telefonun orijinallığı adamda intuitiv olaraq şübhə oyadır. Belə halda SP kodunun düzgünlüyünü yoxlamaq məsləhətdir. Bu zaman Luhn (ay) adlanan alqoritmdən istifadə olunur. Belə ki, İMEİ nömrədə soldan başlayaraq cüt yerdə duran rəqəmlər ikiyə vurulub (bu zaman ikirəqəmli ədəd alınarsa, məsələn 15, onda onun rəqəmlərinin cəmi tapılır 1+5=6) cəmlənir. Alınan ədədi olduğu kimi saxlayıb üstünə tək yerdə duran rəqəmlərin (təbii ki, 15-ci yerdə duran SP-nin özündən başqa) cəmi gəlinir. Alınan ədədin sonu sıfır olarsa, demək SP=0 olacaq. Sıfır deyilsə onda həmin ədədi özündən böyük sonu sıfırla qurtaran ən yaxın ədəddən çıxırlar. Alınan ədədin sonuncu rəqəmi məhz SP nömrə olur.

Hesablama əməliyyatının  hər hansı bir İMEİ nömrə üzərində sınayaq. Məsələn, götürək tanışımın Samsung modelinə aid olan belə bir İMEİ nömrə:

35904302201288/1

Cüt yerdə duran rəqəmləri 2-yə vurub cəmləyək:

(5*2=10=1+0=1)+(0*2=0)+(3*2=6)+(2*2=4)+(0*2=0)+(2*2=4)+(8*2=16=1+6=7)=1+0+6+4+0+4+7=22

Tək yerdə duran rəqəmləri toplayaq:

3+9+4+0+2+1+8=27

Nəticələri bir-birinin üstünə gələk:

27+22=49

Alınan ədədin sonu sıfır olmadığı üçün onu qaydaya görə 50-dən çıxmalıyıq.

50–49=1

Deməli, SP nömrəsi həqiqətən də 1-ə bərabərdir.

Oxuculara bir dəyərli məlumat da çatdıraq ki, İNTERNATIONAL NUMBERING PLANS saytında telefonunuzun İMEİ nömrəsini xüsusi qrafaya daxil etməklə İMEİ kodun düzgünlüyü, telefon modelin növü, neçənci ildə istehsal olunduğu, hansı bazar üçün nəzərdə tutulduğu və s. barədə məlumatlar almaq olar.

İMEİ nömrələrin “ağ”, “qara” və “boz”  tərəfi

İMEİ nömrələr ilk əvvəl uçotun aparılması və qarantiya xidmətləri üçün nəzərdə tutulmuşdu. İMEİ vasitəsilə istehsalçı mobil avadanlığın hansı şirkət tərəfindən buraxıldığını göstərməklə keyfiyyətli və etibarlı məhsul üçün məsuliyyət daşıdığını bildirirdi. Buraxdığı cihazlara zəmanət çərçivəsində pulsuz serviz xidmətləri göstərirdi.

İndi isə İMEİ kodun istifadə dairəsi daha da genişlənib. Mobil telefonlar qoşulduqları GSM (Global System for Mobile Communications) və UMTS (Universal Mobile Telecommunications System) mobil rabitə sistemlərində məhz İMEİ vasitəsilə qeydiyyata alınırlar. Ona görə də, mobil operatorlar cib telefonlarının harada yerləşdiyini, hansı nömrədən istifadə etdiyini dərhal müəyyən edə bilirlər.

İMEİ nömrə dünyanın bir çox ölkələrində mobil telefonların vahid bir bazada uçotunun aparılmasında mühüm rol oynayır. Onun əsasında mobil telefonların “ağ”, “boz”, “qara” siyahısı hazırlanır. “Ağ” siyahıya istehsallı və ölkəyə idxalı leqal olan, istifadəsinə icazə verilən bütün cihazların İMEİ kodları salınır. “Boz” siyahıya statusu dəqiq müəyyən edilməmiş,  “qara” siyahıya isə oğurlanmış telefonların İMEİ nömrələri daxil edilir. Telefon itirildikdə sahibinə İMEİ kodu məlumdursa, öz operatoruna müraciət etməklə həmin telefonu da “qara” siyahıya saldırmaq olar.

Mobil telefonların vahid bir bazada uçotu olmayan ölkələrdə oğurluq və ya mənşəyi bilinməyən telefonlardan çox rahatlıqla istifadə edilir. Ən təhlükəlisi isə odur ki, belə danışıq vasitələrindən terrorçuluq və digər cinayət məqsədləri üçün də istifadə olunur. Təhlükəsizlik orqanlarına terror və ya harasa bomba qoyulması barədə yalan məlumatların verilməsi, kriminal qruplar arasındakı zəngləşmələr çox vaxt məhz “qara” siyahılıq telefonlar vasitəsilə həyata keçirilir. Onları axtarıb tapmaq isə xeyli vaxt və resurs tələb edir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 8 oktyabr tarixli 266 s nömrəli sərəncamı ilə təsdiq etdiyi «Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı»nın 10-cu bəndinin icrasını təmin etmək məqsədilə 2011-ci il 28 dekabr tarixində «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında»  212 nömrəli qərar vermişdir. Qərara əsasən, tezliklə ölkəmizdə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən mobil cihazların qeydiyyat sistemi (MCQS) yaradılacaq. Hazırda belə sistem Türkiyədə, İngiltərədə, Hindistanda və bir sıra başqa ölkələrdə mövcuddur.

İMEİ nömrələrin qeydiyyatı bizə nə verəcək?

Qaydaya əsasən mobil cihazların qeydiyyat sistemində də İMEİ kodların “ağ”, “qara” və “boz" səhifə kateqoriyaları üzrə təsnifatı aparılacaq. Ölkəmizdə istifadəsinə icazə verilən mobil cihazların İMEİ nömrələri ağ səhifəyə, leqallığı tam müəyyənləşdirilməmiş İMEİ nömrələr isə boz səhifəyə salınacaq. Boz səhifədə olan İMEİ  nömrələr araşdırmaların nəticəsinə uyğun olaraq sonradan ağ və ya qara səhifəyə daxil ediləcək. Qara səhifədə olan mobil cihazlara isə mobil operatorların xidmət göstərməsi qadağan olunacaq.

MCQS istismara verilənədək şəbəkələrdə istifadə edilən mobil cihazların İMEİ nömrələri mobil operatorların təqdim etdikləri məlumatlar əsasında ağ səhifəyə daxil ediləcək. Burada bir incə məqam var ki, registirasiya olunmuş telefonların istifadəçiləri dəyişdikdə, həmin cihazların sonradan təkrar qeydiyyatı tələb olunmayacaq.

MCQS fəaliyyətə başladıqdan sonra satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatları  MCQS-yə təqdim etməlidirlər. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 gün müddətində qeydiyyatdan keçirilməlidir.

İMEİ nömrələrin vahid bazası hazır olduqdan sonra birbaşa internet və ya SMS vasitəsi ilə mobil cihazları qeydiyyata saldırmaq, həmçinin İMEİ nömrələrinin leqallığını yoxlamaq mümkün olacaq.

Yeni sistem barədə qabaqcadan çox söz demək çətindir. Ancaq güman etmək olar ki, bu sistem cinayətkarlığa qarşı mübarizədə effektli olacaq. Ölkədə telefon oğurluğunun, qeyri-leqal idxal olunan telefonların sayı xeyli azalacaq. Saxta, mənşəyi bilinməyən, sağlamlıq üçün təhlükəli olan mobil cihazlar dövriyyədən çıxarılacaq. Telefon itirildikdə isə yuxarıdakı əhvalatda olduğu kimi sahibinə qayıtmaq şansı xeyli artacaq.